UNEC-də akademik Muxtar İmanov və şair Rüstəm Behrudi ilə görüş keçirilib

  • 15 dekabr 2025
  • 7

UNEC-də akademik Muxtar İmanov və tanınmış şair Rüstəm Behrudinin tələbələrlə görüşü keçirilib.

Rəqəmsal İqtisadiyyat fakültəsinin təşəbbüsü ilə təşkil olunan görüş “Rəqəmsal dövrdə ədəbiyyat” mövzusunda olub.

Tədbirin açılışında çıxış edən fakültə dekanı, dosent Elman Cəfərov müasir dövrdə humanitar düşüncənin və ədəbiyyatın rəqəmsal transformasiya ilə paralel inkişafının vacibliyindən söz açıb. O, ədəbiyyatın gənclərin dünyagörüşünün formalaşmasında, dərin düşünmə və tənqidi yanaşma bacarıqlarının inkişafında, həmçinin mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynadığını vurğulayıb.

Akademik Muxtar İmanov çıxışında oxucu anlayışına fərqli prizmadan yanaşıb: “Oxucunun gündəlik mübarizəsi əslində insanın özü ilə, biliklə və düşüncə ilə apardığı daxili inkişaf yoludur. Bu gün innovasiya zaman və məkan sərhədlərini aradan qaldıraraq daha açıq və inklüziv mühit yaradır. Bu mühit təkcə bilik ötürmür, eyni zamanda şəxsiyyətin, dəyərlərin və düşüncə tərzinin formalaşmasına xidmət edir. İnnovasiya yalnız texnologiya deyil, düşüncənin sərhədlərini genişləndirən və cəmiyyətə real töhfə verən bir dəyərdir”- deyə akademik bildirib.

Muxtar İmanov tanınmış şair Rüstəm Behrudinin yaradıcılığına da toxunaraq, onun türk dünyasında özünəməxsus poetik düşüncəsi ilə seçildiyini diqqətə çatdırıb. O, şairin əsərlərinin beynəlxalq aləmdə də maraqla qarşılandığını, Almaniya, Türkiyə, Fransa və digər ölkələrdə nəşr olunduğunu vurğulayıb.

Görüşdə çıxış edən şair Rüstəm Behrudi şairliyin adi bir peşə olmadığını, onu digər sahələrdən fərqləndirən mənəvi mahiyyətə malik olduğunu bildirib: “Şairlik öyrədilən deyil, yaradana bağlı olaraq insanın daxilində formalaşan bir haldır. Poeziya yalnız ağlın deyil, eyni zamanda ruhun dilidir və söz insanın iç dünyasından keçmədikcə oxucuya təsir göstərə bilmir”. O qeyd edib ki, zaman dəyişsə də, şeir insanın daxilindəki həqiqəti qorumağa, onu söz vasitəsilə yaşatmağa davam edir.

Görüşdə Rüstəm Behrudi məşhur şeirlərini səsləndirərək, auditoriyada emosional mühit yaradıb. Şairi böyük maraqla dinləyən tələbələr ona çoxsaylı suallar da ünvanlayıblar.

Sonda Rüstəm Behrudi kitablarını imzalayaraq tələbələrə hədiyyə edib.